Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Olimpiya Odesseyası” silsilə tədbirləri davam edir.

Bu dəfəki mərasim Sumqayıt şəhərində keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə şəhərin rəsmi şəxsləri, idman ictimaiyyətinin nümayəndələri və gənc fəallar iştirak ediblər. Açılışda Sumqayıt Şəhər İcra Hakiminin birinci müavini Teymur Səmədov çıxış edərək şəhər sakinlərini və qonaqları salamlayıb. O, “Olimpiya Odesseyası” tədbirlərinin gənclərdə idmana xüsusi maraq oyadacağına inandığı bildirib. Ardınca 2000-ci il Sidneydə keçirilən Olimpiya oyunlarında stend atıcılığı üzrə ölkəmizə ilk qızıl medalı qazandıran Zemfira Meftahəddinovaya həsr olunan “Qızıl Sidney” filmi nümayiş olunub. Filmdə Zemfira Meftahəddinovanın Olimpin zirvəsinə yüksələnədək keçdiyi fəaliyyət yolu, şəxsi həyatı və təəsüratları əks olunub. Qeyd edək ki, gənclər üçün təşkil edilən “Olimpiya Odesseyası” tədbirləri bundan sonra ölkəmizin digər bölgələrində və başqa olimpiya çempionları ilə davam etdiriləcək.